Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qürurla qeyd etdiyimiz bütün uğurların əsasını əldə olunmuş ictimai-siyasi sabitlik təşkil edir

0

  •         Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin “Xocalının səsi” qəzetinə müsahibəsi:
            - Vahid müəllim, aprel ayının 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Hazırda ölkəmizdə və rayonumuzda mövcud ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?
            -Bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 11 aprel 2018-ci il tarixinə Respublikamızda növbədənkənar Prezident seçkiləri təyin edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq Prezident seçkilərinin keçirilməsi prosesi ardıcıl olaraq bir neçə mərhələni özündə ehtiva edir. Birinci mərhələ keçiriləcək Prezident seçkiləri gününün müəyyən edilməsidir ki, bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İkinci mərhələ ölkə prezidentliyinə namizədlərin irəli sürülməsidir ki, bu da siyasi partiyalar, ictimai birliklər və təşəbbüs qruplarının səlahiyyətlərinə aiddir. Üçüncü mərhələ siyasi partiya, ictimai birlik və ya təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Prezidentliyə namizədin lehinə 125 seçki dairəsinin ən azı 60 seçki dairəsinin ərazisindən minimum 40000 seçici imzasının toplanaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və Mərkəzi Seçki Komissiyası digər tələb olunan sənədlərlə birgə seçici imzalarının doğruluğunu yoxlamaqla bu və ya digər prezidentliyə namizədin qeydiyyata alınması və ya qanunvericilikdə göstərilən tələblərə cavab vermədikdə namizədliyin qeydiyyata alınmasından rəsmən imtina edilməsi. Dördüncü mərhələ isə qeydiyyata alınmış prezidentliyə namizədin seçkilərə bir gün qalmışa qədər 21 gün müddət təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsidir. Nəhayət, sonuncu mərhələ olaraq seçkilər günü seçicilərin iştirakı ilə səsvermə prosesinin həyata keçirilməsi, seçkinin nəticələrinin rəsmləşdirilərək müvafiq dairə, daha sonra Mərkəzi Seçki Komissiyası, yekun olaraq, Konstitusiya Məhkəməsinə təqdim edilməsi və Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə yekunlaşmış hesab olunur.
            Bildiyimiz kimi, bütün dünya dövlətlərində olduğu kimi Respublikamızda da ümumxalq sesverməsi (referendum) və Prezident seçkiləri ölkə həyatının ən mühüm ictimai-siyasi hadisəsidir. Qeyd olunan ən mühüm ictimai-siyasi hadisələr dönəmində hər yerdə olduğu kimi bizim Respublikamızda da ictimai-siyasi fəallıq artır. Müxtəlif siyasi partiyalar və cərəyanlar bu mərhələdə öz mövqelərini ortaya qoyur, müəyyən mənada ictimai rəyə təsir etməklə sosial bazalarını gücləndirməyə, son nəticədə arzu və istəklərini reallaşdırmağa çalışırlar. Respublikamız da müasir dünyanın bir hissəsidir. Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Respublikamızda çoxpartiyalı siyasi sistemin əsası qoyulmuşdur. Bu gün Respublikamızda onlarla siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Bildiyimiz kimi. hər bir siyasi partiyanın öz proqram və nizamnaməsi vardır. Partiya olaraq hər bir siyasi təşkilat siyasi proseslərdə iştirak edərək öz məqsəd və məramlarını reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Respublikamızda onlarla siyasi partiya və vətəndaş cəmiyyəti təşkilatları fəaliyyət göstərməsinə rəğmən Respublikamızda və rayonumuzda ictimai-siyasi vəziyyət olduqca sabitdir.
            - Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır. Yeni Azərbaycan Partiyası Prezident seçkilərinə hansı nailiyyətlərlə gedir?
            - Azərbaycanın mövcud durumunu yaxın keçmişimizə nəzər salmadan obyektiv şəkildə qiymətləndirmək mümkün deyildir. Bir anlığa 90-cı illərin əvvəllərində Respublikamızın ictimai-siyasi vəziyyətinə diqqət yetirək. Gözümüz önündə xaos, ictimai-siyasi hərcmərclik, başıpozuq silahlı dəstələr, hərbi məğlubiyyətlər, iflic olunmuş dövlət idarəçiliyi, vətəndaş itaətsizliyi, vətəndaş müharibəsi, aclıq və səfalət içərisində olan qaçqın və məcburi köçkün ordusu, milli valyuta əvəzinə xarici dövlətin pul vahidindən istifadə, illərlə dövlət büdcəsini təsdiq edə bilməyən, konstitusiyaya belə sahib olmayan kağız üzərində dövlət obrazı canlanacaqdır, əgər buna dövlət demək mümkündürsə.
            Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyası Respublikamızda hakimiyyətə gələrkən keçmiş Respublika rəhbərliyindən millətimizə, dövlətimizə miras qalan yuxarıda sadalanan və sadalanmayan yüzlərlə problemlərdir. Xalqımızın böyük oğlu, Partiyamızın yaradıcısı Heydər Əliyevin Respublikamızda yenidən siyasi hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ictimai sabitlik bərpa edildi, xalqla hakimiyyətin vəhdəti yaradıldı. Məlumdur ki, ictimai sabitliyin pozulması siyasi və hərbi xarici müdaxilədən də daha təhlükəlidir. Qürurla qeyd etdiyimiz bütün uğurların əsasını əldə olunmuş ictimai-siyasi sabitlik təşkil edir.
            Bütün seçkilərdə olduğu kimi qarşıdan gələn Prezident seçkilərinə də YAP Azərbaycan dövləti və xalqı qarşısında yerinə yetirdiyi tarixi xidmətləri ilə gedir. Yaxın keçmişimizlə bugünkü vəziyyəti müqayisə etdikdə YAP-ın tarixi xidmətləri görünməkdədir. Partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində əldə edilmiş uğurları, həyata keçirilmiş istər Respublika, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin icrası YAP-ın namizədi olaraq cənab Prezidentimizin xalq qarşısında seçkiqabağı platforması kimi dəyərləndirmək olar.
            - Sizcə, növbəti Prezident seçkiləri ölkəmizin inkişafı üçün hansı töhfələr verəcək?
            - 2003-2018-ci illərdə Cənab Prezidentimiz tərəfindən Respublikamızda görülən işlərə nəzər saldıqda cənab Prezidentimizin təbliğ edilməsi üçün əlavə sözə ehtiyac yoxdur. Yetər ki, ağıllı məntiqlə əldə olunmuş uğurlara diqqət yetirəsən və bu siyasətin davam etdirilməsinin dövlətimizin yaxın gələcəkdə hansı nəticələri əldə edə biləcəyini təsəvvür edəsən. Cənab Prezidentimizin apardığı ardıcıl və məqsədyönlü siyasət, təsdiq edilmiş dövlət Proqramlarının icrası, yaradılmış nəqliyyat və enerji infrastrukturu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş işlər yaxın gələcəkdə istər dövlətimizin iqtisadi qüdrətinin artmasına, istərsə də əhalinin maddi vəziyyətinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir.
            - Rəhbərlik etdiyiniz YAP Xocalı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası ilə əlaqədar hansı tədbirləri həyata keçirir? Seçkilərə hazırlıq hansı səviyyədədir?
            - YAP Respublikamızda ümumxalq partiyası səviyyəsinə yüksəlmiş, əhalinin bütün sosial təbəqələrini öz ətrafında birləşdirmiş, 700000-dən artıq sosial bazası olan ən nəhəng siyasi təşkilatdır. YAP yarandığı dövrdən bu günə qədər Respublikamızda keçirilmiş bütün seçkilərdə həlledici səsçoxluğu ilə qalib gəlmiş, qarşısına qoyduğu məqsədlərə nail olmuşdur. Digər siyasi partiyalardan fərqli olaraq yalnız seçkidən-seçkiyə fəallaşmır. Mərkəzi və yerli strukturlar vahid orqan kimi daim siyasi və təşkilati fəaliyyətdədir, Respublikanın ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə yaxından iştirak edir. Əlbəttə, hər bir siyasi partiyanın ən ümdə funksiyası dövlətin siyasi hakimiyyətinin formalaşmasında yaxından iştirak etməsidir. YAP-ın bir rayon təşkilatı olaraq YAP Xocalı rayon təşkilatı rayon miqyasında partiyanın yeritdiyi siyasətin həyata keçirilməsini təmin edir. Qarşıdan gələn Prezident seçkiləri ərəfəsində YAP Xocalı rayon təşkilatı partiyanın Mərkəzi Aparatı tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, fəaliyyətini davam etdirir. Tədbirlər Planında nəzərdə tutulmuş təbliğat-təşviqat mərhələsinə qədər bütün işlər qrafikə uyğun qaydada həyata keçirilmiş, təbliğat-təşviqat mərhələsinə hazırlıq işləri başa çatdırılmışdır. Seçicilərlə kütləvi və fərdi görüşlərin qrafiki hazırlanmış, təbliğat-təşviqat qrupları yaradılmış, nəzərdə tutulmuş qrafik üzrə əməli fəaliyyətə başlanılacaqdır. Bütün seçki məntəqələri üzrə müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri müəyyənləşdirilmiş, lazımi vəsiqələr verilməsi üçün dairə seçki komissiyalarına təqdim edilmişdir.
            Cənab Prezidentimiz, YAP-ın Prezident seçkilərindəki vahid namizədi İlham Əliyevin Respublika ictimaiyyəti qarşısında şəxsi nüfuzu onu deməyə tam əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, hazırki Prezident seçkilərində də YAP-ın namizədi seçicilərin tam əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalibiyyəti təmin edəcəkdir.
            Rayonumuzdan olan bütün seçiciləri Respublikamızın ictimai-siyasi həyatında ən mühüm hadisə olan Prezident seçkilərində fəal iştirak etməyə çağırır, xalqımızın layiqli oğlu, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri və prezidentliyə vahid namizədi olan cənab İlham Əliyevə səs vermələrini xahiş edirik.

    Müsahibəni apardı:






    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib59 dəfə
    Qürurla qeyd etdiyimiz bütün uğurların əsasını əldə olunmuş ictimai siyasi sabitlik təşkil edir

    Maraqlı gələ bilər
    87